Bia.Az

"Məhəmməd Əmin"

KÖŞƏ YAZARLARI
 1-02-2024, 12:23     2 205

Novxanı kəndində cücərən bir dən;
Nur aldın Günəşdən, güc aldın Yerdən.
Azadlıq eşqilə yaşadın hər dəm,
Dalğalar içindən boy verdi gəmin!
Ruhun həp şad olsun, Məhəmməd Əmin!

Hələ çox gənc ikən çarlara qarşı
Qürurla oxudun istiqlal marşı.
Fikrinin meydanı hər küçə - çarşı;
Düşünən hər başda duruldu dəmin!
Ruhun həp şad olsun, Məhəmməd Əmin!

Rusun məclisində türkləşə bildin,
Millət elçisi tək bərkləşə bildin,
Zalımın boynuna yükləşə bildin,
Azad yaşamağa yaratdın zəmin!
Ruhun həp şad olsun, Məhəmməd Əmin!

Fikirdə birləşib milli başlarla,
Qurdun Cümhuriyyət silahdaşlarla.
Musavat oldu xalq - arxadaşlarla,
Silinməz bir tarix yazdın, ol əmin!
Ruhun həp şad olsun, Məhəmməd Əmin!

Vətənin köksündə çağlayan qanın
Tanıtdı imzasın Azərbaycanın.
Üçrəngli bayraqla ucalır şanın,
Necə sevilirdin - həminsən, həmin!
Ruhun həp şad olsun, Məhəmməd Əmin!


Seymur ƏHMƏD.скачать dle 12.1