Bia.Az

Əsas prinsiplər razılaşdırılıbsa...

KÖŞƏ YAZARLARI
 21-11-2023, 13:02     4 347

Bəli, özünü konstruktiv və sülhpərvər siyasətçi kimi göstərmək, Azərbaycanı isə imkan düşdükcə qaralamaq - ola bilsin, erməni baş naziri Nikol Paşinyanın siyasi davranışındakı qəribə variasiyalar bununla izah olunur. Bu günlərdə yenə dedi ki, Azərbaycanla əsas prinsiplər razılaşdırılıb, amma guya sülh sazişi ona görə imzalanmır ki, tərəflər fərqli diplomatik dillərdə danışırlar. 

Təxminən bir-iki həftə bundan əvvəl də bildirmişdi ki, Bakı və İrəvan bu yaxınlarda sülh sazişini imzalaya bilər. Amma sonra Parisə, “sülh konfransı”na getdi və orada bir xeyli Azərbaycanın və rəsmi Bakının qarasınca deyindi...
Maraqlıdır ki, bu dəfə Ermənistan parlamentinin spikeri də Nikolun dediklərini təsdiqləyib, o da bildirib ki, tərəflər arasında artıq razılıq var və prinsiplərin əksəriyyəti üzrə artıq razılıq əldə olunubdur. 
O ki qaldı rəsmi Bakıya, o, öz mövqeyini dəfələrlə bəyan edib və sülh sazişini imzalamağa hazır olduğunu bildiribdir. İndi “top” Ermənistanın tərəfindədir, amma çox təəssüf ki, Paşinyan qəti addım atmaqdansa, özünün yeni dostlarının oyununu oynamaqdadır: gah Azərbaycana qarşı məhkəmə açır, gah da onu təcavüzkarlıqda ittiham edir...
Olsun. Amma Nikol iki məqamı unutmamalıdır. Birincisi, sülh sazişi Bakıdan çox İrəvana lazımdır. Nə qədər ki, sülh sazişi imzalanmayacaq, sərhədlər açılmayacaq, blokada götürülməyəcək. İrəvan bunu “iki üstə gəl iki” kimi bilməlidir - Parisin onun üçün göndərdiyi iki-üç sınıq-salxaq hərbi maşından kökə olmayacaq. 
Elə ABŞ və Fransa da öz siyasətlərinə korrektələr etməlidirlər. Xüsusən də ABŞ! Məgər onun diplomatları bu vaxta qədər İrəvanı regional siyasətinə dəyişikliklər etməyə çağırmırdılarmı? İndi nə oldu? Regional siyasəti dəyişmək üçün əlverişli bir imkan düşdüyü halda onlar niyə oyun qaydalarını dəyişməyə cəhd edirlər? Başa düşürük, qarşıdan prezident seçikləri gəlir və cənab Co Baydenə erməni diasporunun siyasi dəstəyi və milyonları lazımdır. Amma amerikalılar bu dəfə də Baydenə səs versələr, deməli, onların heç ağılı yoxdur. Doğrudanmı ABŞ belə qısır ölkəyə çevrilib? Doğrudanmı çarəsiz qoca Baydendən savayı onu idarə etmək iqtidarında olan ikinci bir siyasətçi yoxdur?..
İkincisi, Paşinyan unutmamalıdır ki, erməni cəmiyyətinin səbri hüdudsuz deyil. Bu ölkədə revanşist müxalifət hələki heç nəyə nail olmayıbdır, bütün sərsəm siyasi gedişlərinə və variasiyalarına rəğmən cəmiyyət hələ də Nikola dəstək verir. Erməni cəmiyyəti Dağlıq Qarabağ savaşının bitməsini istəyir və hətta keçmiş Dağlıq Qarabağın itirilməsilə razılaşıb. İndi Paşinyandan qətiyyət tələb olunur ki, sülh sazişi imzalansın. 
Bakının Ermənistan ərazisində gözü yoxdur. Ona görə İrəvan “Bakı Ermənistanı işğal etmək istəyir!” kimi siyasi spekulyasiyalarla özünün yeni dostlarını - ABŞ-ı və Avropanı məşğul etməməlidir. Belə bir şey yoxdur və olmayacaq da! Hazırda Bakı hətta Zəngəzur dəhlizinin açılmasında israrlı görünmür. 
Bunun əvəzində onun bir təklifi var və o, da budur ki, keçmiş Dağlıq Qarabağı tərk edən erməni əhalisi geri qayıda bilər. Amma bunun üçün bir neçə şərt vardır. 
Birincisi, onlar həqiqətən də Qarabağ erməniləri olmalıdırlar - Livandan, Suriyadan köçürülən erməniləri Azərbaycanda yerləşdirmək mümkün olmayacaq. İkincisi, ermənilər keçmiş Dağlıq Qarabağa ABŞ-ın və Fransanın iddia etdiyi kimi qeyd-şərtsiz yox, Azərbaycan qanunlarını və Konstitusiyasını qəbul etdikləri bir halda qayıda bilərlər. Üçüncüsü, ermənilər keçmiş Dağlıq Qarabağa qayıdırsa, Ermənistandan qaçqın düşən azərbaycanlılar da öz yurd-yuvalarına qayıtmalıdırlar...
Bəli, təxminən ən əsas şərtlər bunlardır. Bəlkə də rəsmi İrəvan vaxtı uzatmaqla nəyəsə nail olmağı düşünür. Amma belə olmayacaq. Üstəgəl, əgər Nikolun Rusiya ilə bağlı planları ciddidirsə, onun bu yolla regionda demək olar ki, müttəfiqi qalmayacaq - Rusiya da artıq ondan üz çevirir və qonşu İran da onun Qərblə yeni münasibətlərinə qısqanclıqla yanaşır. Qalır Gürcüstan, hansı ki, öz ərazilərindən yükləri buraxa bilər, amma bundan o tərəfə gedə bilməz, çünki Tiflisin elə özü də himayəçi axtarışında olan kiçik bir ölkədir...
 
Hüseynbala Səlimovскачать dle 12.1