Bia.Az

Benzin bahalaşacaq, yoxsa ucuzlaşacaq? - NƏ BAŞ VERİR?

İqtisadiyyat
 11-06-2024, 00:47     218

“Bakı Neft Emalı Zavodunda Aİ-95 markalı benzinin istehsalı sözügedən benzinin qiymətini aşağı salmayacaq”.

Bu sözləri iqtisadçı- ekspert Asif İbrahimov “Cebhe.info”-ya şərhində Bakı Neft Emalı Zavodunda bu aydan istehsal olunan Aİ-95 markalı benzinin keyfiyyəti və bunun qiymətə təsiri ilə bağlı suala cavablandırarkən bildirib. O qeyd edib ki, bu günə qədər Azərbaycan Aİ-95 markanı benzini xaricdən idxal edib:

“Aİ-95 markalı benzini Rusiya və Ruminayadan idxal edirdik. Bu benzinə olan ehtiyacımızın 45 %-i Ruminiya və 55 % - i isə Rusiya ödəyirdi. Sonradan Rusiya xarici ölkələrə Aİ-95 markalı benzinin ixracını dayandırdı. O ki qaldı Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına, son doqquz ildə dövlət büdcəsindən SOCAR-a 3 milyard vəsait ayrıldı. Bu vəsait hesabına Bakı Neft Emalı Zavodunda Aİ-95 markalı benzin hasil edən müasir texnologiya tətbiq edilib və müəssisə tamamilə Avro-5 standartlarına uyğun modernləşdirilib. Avro-5 standartları kefiyyət məsələlərini özündə ehtiva edib. Yerli istehsalın Aİ 95 benzinin qiymətinə təsirinə gəlincə, bu günə Azərbaycan bu markalı benzini xaricdən idxal etdiyinə görə müəyyən zaman çərçivəsində benzinin qiyməti qalxırdı. Amma indi öz neft emalı zavodumuzda bu markalı benzinin istehsalı başlayıb”.

Bununla belə, ekspert hesab etmir ki, bu, qiymətlərə yaxın zamanda təsir göstərəcək:

“Aİ 95 markalı benzinin qiyməti nə bahalaşacaq, nə də ucuzlaşacaq. Qiymətin ucuzlaşması ona görə qeyri-mümkündür ki, zavodda Aİ 95 markalı benzin və dizel istehsal edəcək müasir qurğuların qurulmasına 3 milyard vəsait ayrılıb. Bu vəsaiti mütləq qapatmaq lazımdır. Qiymətin bahalaşacağı da inandırıcı deyil. Azərbaycanda sadə vətəndaşların orta statistik büdcəsi hər kəsə məlumdur. Hamımız bilirik ki, karbohidrogen ehtiyatlarından sənayedə, kənd təsərrüfatında və bir çox istehsal müəssisələrində istifadə olunur. Əgər qiymət bahalaşarsa, bu, sadə vətəndaşların büdcəsinə təsir edəcək”.
скачать dle 12.1