Bia.Az

Sərkisyanın faciədən 8 il sonra tarixi etirafı: Niyə məhz Xocalı?

Dünya
 26-02-2024, 12:47     228

Xocalı soyqrımının 32-ci ildönümündə Ermənistanın keçmiş prezidenti, faciənin əsas təşkilatçılarından biri olmuş erməni terrorçu Serj Sərkisyanın etirafı yenidən xatırlanır. 
Globalinfo.az xəbər verir ki, Sərkisyan hələ müdafiə naziri olduğu 2000-ci ildə tanınmış britaniyalı jurnalist, hazırda Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun yüksək rütbəli əməkdaşı Tomas de Vaalın Qarabağ mövzusunda suallarını cavablandırmışdı.
Jurnalist Tomas de Vaal o zaman Xocalı soyqrımı ilə bağlı Azərbaycanın çağırışlarına diqqət çəkərək bu məsələyə aydınlıq gətirilməsini xüsusi vurğulayır. Serj Sərkisyanın isə suala cavabı daha sonra xarici mətbuatda Ermənistanın həqiqətən Azərbaycana qarşı etnik təmizlik törətməsinin sübutu kimi dəyərləndirilir.
Jurnalist soruşur: “Xocalıdan qaçarkən xeyli azərbaycanlının öldüyünü və bunun Əsgərandan olan bəzi Qarabağ dəstələrinin işi olduğunu heç kim inkar etmir. Bəs siz bunu nə ilə əlaqələndirirsiniz?”
Serj Sərkisyan: “Bilirsiz, belə məsələləri yüksək səslə müzakirə etmirlər. Mümkün olduğu qədər danışırlar, mən də belə edəcəyəm. Xocalı bir vaxtlar bütün Qarabağı incidirdi. Çünki orada hava limanı vardı. Bizim də Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı vasitəsi ilə idi. Xocalıya kimi azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik. Onlar düşünürdü ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək insanlardırlar. Bütün bu fikirləri pozmaq lazım idi. Doğrudan da Xocalıda dinc əhali var idi, amma onlarla yanaşı əsgərlər də vardı. Mərmi havada uçanda isə mülkü əhali ilə əsgəri fərqləndirmir. Əgər dinc əhali orada qalırsa, onlar da döyüşlərdə iştirak etmiş olur. Onların vurulması üçün isə hər hansı dəhliz qalmamışdı, bircə Xocalıda güllələmək mümkün idi”.
Daha sonra jurnalist müsahibənin də yer aldığı Qarabağ münaqişəsi haqqında yazdığı kitabda Sərkisyanın Xocalı ilə bağlı sözlərini belə dəyərləndirir:
“Erməni hərbi komandiri Serj Sərkisyan Xocalının alınması ilə bağlı suala ehtiyatla cavab verdi. “Belə məsələlər haqqında ucadan danışmırlar” dedi. Bununla belə, Sərkisyan baş verənlərin mahiyyətini daha səmimi və sərt şəkildə ifadə edib”.
Jurnalist kitabın ilk nəşrində erməni terrorçunun, – “Xocalıya kimi azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik. Onlar düşünürdü ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək insanlardırlar. Bütün bu fikirləri pozmaq lazım idi”, – cümlələrinə diqqət çəkir. Bu, erməniləri qəzəbləndirir. Lakin T.Vaal növbəti nəşrdə bu məsələyə bir daha toxunmur. Ermənilər jurnalistin budəfəki addımından da qəzəblənir və onu Sərkisyanın etirafını yayımlamaqda ittiham edirlər. Müsahibə Xocalı soyqırımı məsələsində Azərbaycan tərəfi üçün dəlil kimi qəbul edilir.
Bir sıra xarici mətbuat orqanları və Azərbaycan ictimaiyyətində də Serj Sərkisyanın sözləri Xocalıda baş verən qətliamın etirafı kimi dəyərlərləndirilir.
Xatırladaq ki, Xocalı şəhəri 2023-cü il sentyabr ayında Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində erməni separatçılardan təmizlənib. İlk dəfədir ki, faciə qurbanlarının xatirəsi azad Xocalıda anılacaq.скачать dle 12.1