Bia.Az

Ölkənin çəkindirici gücü – əməliyyat-taktiki raket kompleksləri

Dünya
 12-02-2024, 10:45     170

Müasir müharibələri əməliyyat-taktiki raket komplekslərsiz (ƏTRK) təsəvvür etmək çətindir. Artıq dünyanın bir çox ölkələrinin ordularının silahlanmasında bu komplekslər geniş yer tutur. Ümumilikdə əməliyyat-taktiki raket kompleksi düşmən hədəflərini cəbhə xəttinə nisbətdə 500 km-ə qədər əməliyyat dərinliyində məhv etmək üçün təyin edilmiş raket silahı növüdür. Bu, taktiki (yaylım atəşli reaktiv sistemlər – YARS) və strateji (yaxın mənzilli ballistik raketlər – YMBR) raket silahları arasında aralıq pilləsidir. ƏTRK XX əsrin sonu və XXI əsrin əvvəllərində bir sıra lokal müharibələr zamanı fəal şəkildə istifadə edilmişdir. Hazırda komplekslərin xüsusiyyətlərini məhdudlaşdıran çoxsaylı beynəlxalq müqavilələr mövcuddur.
İstehsal olunduğu ölkədən asılı olaraq, ƏTRK adətən özüyeriyən və ya yedəyə alınan platformada yerləşdirilmiş daşıyıcı vasitədən, istiqamətləndirici üzərində olan əməliyyat-taktiki raketdən, nəqletmə-doldurma avtomobillərində, qoşqularda və ya yarımqoşqularda daşınan raket ehtiyatından, idarəetmə sistemindən, rabitə avadanlıqlarından və xidmət vasitələrindən ibarətdir.
Müasir dünyada yüksək dəqiqlikli silahlara maraq davamlı olaraq yüksəkdir. Bu zaman, ƏTRK bazarında Rusiya və ABŞ-ın mövqeləri güclüdür. Hər iki ölkənin hərbi ixrac portfelində 9K720 “İskəndər-E” və MGM-140 ATACMS sistemləri var. İsrail və Çin isə bu iki ölkə ilə rəqabətə hazırdır. Bundan başqa Belarus, İran, Cənubi Koreya və Şimali Koreya da ƏTRK istehsalı istiqamətində müəyyən addımlar atırlar. Hindistan və Pakistan da müəyyən inkişaflar həyata keçirirlər. Qeyd etmək lazımdır ki, ƏTRK çəkindirici güc rolunu yaxşı oynaya bilir, beynəlxalq silah bazarında ona çox böyük tələbat var və bu da çox vacib bir amildir.
Rusiya Federasiyası
Isgəndər
“İskəndər” ƏTRK
Rusiya istehsalı 9K720 indeksli əməliyyat-taktiki raket kompleksləri ailəsinə “İskəndər”, “İskəndər-M”, “İskəndər-K” və “İskəndər-E” aiddir. Kompleks Moskva vilayətinin Kolomna şəhərində yerləşən “Maşınqayırma Konstruktor Bürosu” Elmi-İstehsalat Korporasiyası tərəfindən yaradılıb. “Votkin zavodu” ASC, “Barrikadı” İB və “Lyuberets kənd təsərrüfatı maşınqayırma zavodu” tərəfindən istehsal olunur.
“İsgəndər” raket komplekslərinin əsas təyinatı düşmənin hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemlərini, habelə onların himayə etdiyi mühüm obyektləri məhv etməkdir. “İsgəndər” raket kompleksi Rusiya Federasiyası Silahlı Qüvvələrinin silahlanmasına 2006-cı ildə qəbul edilib. “İsgəndər” ƏTRK-nin tərkibi ümumilikdə bir raket briqadasında 51 vahid təşkil edən 6 növ maşın təşkil edir. “İsgəndər-M” və “İsgəndər-K” kompleksləri üçün raketlər eyni özüyeriyən buraxma qurğusundan buraxılsa da, bir-birindən prinsipial şəkildə fərqlənir.
“İskəndər-M” kompleksi radiolokasiya, infraqırmızı və aşkarlama spektrinin digər sahələrində onların görünmə qabiliyyətini azaldan stels texnologiyalı, ayrılan radioelektron mübarizə modullu, RƏM sistemlərindən yan keçmək üçün saxta hədəflərdən istifadə edən və onların qoruduğu obyektləri 500 km-ə qədər məsafədə məhv edən yüksək hündürlükdə yüksək manevr qabiliyyətinə malik kvaziballistik raketdən istifadə edir. “İsgəndər-K” versiyasında isə kompleks 6-7 m hündürlükdə ultra aşağı uçuş marşrutu ilə uçan R-500 qanadlı raketindən istifadə edir və rəsmi olaraq 500 km uçuş məsafəsinə malikdir.
“İskəndər” raketləri çox geniş çeşiddə döyüş başlığından istifadə edə bilir. Əsas döyüş başlıqları bunlardır: sahə hədəflərini, kaponirlərdə gizlədilmiş texnikaları və səngərlərdəki canlı qüvvəni məhv etmək üçün kasset döyüş başlığı; dəmir-beton bunkerlərdə yerləşən komanda mərkəzlərini məhv etmək üçün betondələn (nüfuzedən) döyüş başlığı; nöqtə hədəflərini məhv etmək üçün qəlpəli-fuqas döyüş başlığı; döyüş sursatı və yanacaq-sürtgü materialları anbarlarını məhv etmək üçün fuqas-yandırıcı döyüş başlığı. Bunlardan başqa “İsgəndər” ƏTRK 50 kilotona qədər gücə malik nüvə döyüş başlıqlı raketlərdən də istifadə edə bilir.
“İsgəndər” raketinin ehtimal olunan dairəvi sapması özütuşlama sistemi olmadan 30-70 metr, özütuşlama sistemi ilə 5-7 metr təşkil edir. Raketin start kütləsi 3800 kq, döyüş başlığının kütləsi isə 480 kq-dır. Uçuş trayektoriyasının maksimal hündürlüyü 100 km-dən çoxdur. Tuşlanma İNS, QLONASS və optik özütuşlama başlığı ilə həyata keçirilir.
“İsgəndər” ƏTRK ixracı qadağan edilən məhsullar siyahısındadır. Xarici müştərilər üçün “İskəndər-M” raketinin “İskəndər-E” adlı sadələşdirilmiş variantı təklif olunur. Kompleksin sadələşdirilməsi uçuş məsafəsinin 280 km-ə qədər azaldılmasına aiddir və tədarük variantlarına özütuşlama elementli kasset döyüş başlıqları daxil deyil. İxrac versiyasında kompleksin uçuş məsafəsinin azaldılması 300 km-dən çox mənzilli raketlərin ixracının beynəlxalq müqavilələrlə qadağan olunması ilə bağlıdır.
Hazırda “İsgəndər” ƏTRK “İsgəndər-M” və “İsgəndər_K” variantında Rusiya, “İsgəndər-E” variantında isə Əlcəzair və Ermənistan silahlı qüvvələrində silahlanmadadır.
Amerika Birləşmiş Ştatları
ss
“ATACMS” ƏTRK
ABŞ istehsalı MGM-140 “ATACMS” əməliyyat-taktiki raket kompleksi istənilən hava şəraitində, günün istənilən vaxtında düşmən müdafiəsinin dərinliklərində yerləşən komanda məntəqələri, raket buraxma qurğuları, hava HHM vasitələri, rabitə qovşaqları, sursat və yanacaq-sürtgü materialları anbarları kimi nöqtə hədəflərini vurmaq üçün təyin edilib. Raketin buraxılması üçün MLRS yaylım atəşli reaktiv sistemin (YARS) təkmilləşdirilmiş M270 (tırtıllı şassidə iki raket) və М142 “HIMARS” (təkərli şassidə bir raket) buraxma qurğularından istifadə olunur. M270 buraxma qurğusunda 1 ədəd “ATACMS” raketi və 6 ədəd 227 mm-lik reaktiv mərmi və ya 2 ədəd “ATACMS” raketi, M142 “HIMARS” buraxma qurğusunda isə yalnız 6 ədəd 227 mm-lik reaktiv mərmi və ya 1 ədəd “ATACMS” raketi daşına bilir. M142 “HIMARS” daha mobildir, ona görə də onun atəş gücü daha ağır tırtıllı M270 YARS-dan azdır.
“Lockheed Martin Missiles and Fire Control” korporasiyası tərəfindən istehsal olunan kompleks 1990-cı ilin mart ayında ABŞ Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib. Hazırda ƏTRK dörd növ “ATACMS” raketlərindən istifadə edə bilir. Bunlardan yalnız biri (MGM-168A “ATACMS Block 4A”) qəlpəli-fuqas döyüş başlığı daşıyır. Digər üç məmulat isə qəlpəli-fuqas və ya digər subelementli (altsursatlı) kasset döyüş başlıqları ilə təchiz edilib. Subelementlərin sayı növündən və təyinatından asılıdır: məsələn, MGM-140A raketinin 560 kq-lıq döyüş başlığında 950 döyüş elementi var, MGM-164A isə ümumi çəkisi 268 kq olan cəmi 13 ədəd eyni təyinatlı məmulatla təchiz olunub.
Kompleksin AFOM raketlərinin müxtəlif variantları mövcuddur və ya hazırlanma və sınaq mərhələsindədir. Raketlərin atış məsafəsi 50-300 km-dir.
MGM-140 “ATACMS” ƏTRK ABŞ-la yanaşı Bəhreyn, Yunanıstan, Cənubi Koreya, Rumıniya, Tayvan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ordularında silahlanmadadır.
İsrail Dövləti
lora1
“LORA” ƏTRK
İsrailin “Israel Aircraft Industries” (IAI) şirkətinin istehsalı olan “LORA” əməliyyat-taktiki raket kompleksi düşmən ərazisinin dərinliklərində infrastruktur elementlərini (dərinləşdirilmiş komanda məntəqələri, rabitə qovşaqları, elektrik stansiyaları, körpülər, sursat və yanacaq anbarları, və s.), HHM batareyalarını və aerodromları məhv etmək üçün həm quru, həm də dəniz platformasından istifadə edilə bilər.
Bəzi mənbələrdə bildirilib ki, “LORA” ƏTRK əvvəlcə Hindistanın sifarişi ilə hazırlanıb, lakin sonda o kompleksi almaqdan imtina edib. Sonradan silahlanmaya qəbul edilməklə kompleksin ilk sınaqları 2004-cü ildə həyata keçirilib.
“LORA” bir pilləli bərk yanacaqlı ballistik raketdir. Raketin yerüstü buraxma qurğusundan atış məsafəsi 90-400 km-dir. Onun ümumi kütləsi 1600 kq, döyüş başlığının kütləsi 240 kq/400 kq (fuqas/qəlpəli-fuqas) və 600 kq (nüfuzedici) təşkil edir. Maksimal atəş məsafəsində dairəvi sapma ehtimalı 10 metr təşkil edir. “LORA” raketi əməliyyat-taktiki raket kompleksinin tərkibində həm gəmi bazalı dəniz, həm də 8×8 təkər formullu MZKT-652720 “Volat” avtomobili bazalı yerüstü buraxma qurğusundan istifadə olunur.
Raket hermetik nəqletmə-buraxma konteynerində (NBK) yerləşdirilib və səhra şəraitində 7 ilə qədər saxlanma müddətinə sahibdir. Kompleks daşıyıcı üzərində dörd NBK-dən ibarət paket şəklində daşınır.
“LORA” ƏTRK İsrail və Azərbaycan Respublikasının ordularında silahlanmada yer alıb. Açıq mənbələrin məlumatına əsasən, kompleks 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “LORA” ƏTRK 44 günlük Vətən müharibəsinin son günlərində həlledici rol oynayıb. Belə ki, erməni ordusunun Şuşa şəhərində yerləşən qüvvələri gücləndirmək məqsədi ilə istifadə etdiyi, Laçın şəhəri yaxınlığında Həkəri çayının üzərindəki körpünün partladılmasında “LORA” kompleksindən istifadə edilmişdir.
Türkiyə Respublikası
bora
Öz növbəsində Türkiyədə də 2009–2017-ci illərdə əməliyyat-taktiki raket kompleksinin yaradılması istiqamətində mühəndis-konstruktor işləri yerinə yetirilmişdir. Nəticədə “Roketsan” şirkəti tərəfindən “BORA” ƏTRK ərsəyə gətirilmişdir. Kompleks 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib və həmin ildən onun seriyalı istehsalına başlanıb. Bu raket kompleksindən ilk dəfə 2019-cu il mayın 28-də Şimali İraqda PKK-ya qarşı keçirilən antiterror əməliyyatı zamanı istifadə edilib.
Raket “Roketsan” şirkətinin istehsalı olan “BORA” silah sistemli 8×8 taktiki təkərli vasitədən və “Roketsan” istehsalı yaylım atəşli reaktiv sistemdən buraxılır. O, həmçinin istifadəçi ehtiyaclarına uyğun inteqrasiya üçün uzlaşan interfeysə malik digər taktiki təkərli vasitə platformalarından da buraxıla bilər.
“BORA” raketinin kütləsi 2500 kq-dır. Raketin qəlpə təsirli dağıdıcı unitar döyüş başlığının kütləsi 470 kq-dır. Yanacaq bərk kompozit raket yanacağıdır. Atış məsafəsi 80 – 280 km arasında dəyişir. İdarəetmə sistemi GPS (Global Positioning System) ilə INS (Inertial navigation system) idarəetmə sistemlərinin birləşməsindən ibarətdir. Eyni zamanda yalnız INS idarəetmədən istifadə etmək mümkündür. Ehtimal olunan dairəvi sapması ≤10 m (GPS + INS) və ≤100 m-dir (yalnız INS). Uçuş trayektoriyasının hündürlüyü 40 km-ə bərabərdir.
Sistem xüsusiyyətlərinə təsdiqlənmiş döyüş imkanları, bütün hava və ərazi şəraitində sutka ərzində istifadə, qısa atəşə hazırlıq vaxtı, yüksək vurma dəqiqliyi, aşağı arzuolunmaz təsir, aldatma və qarışdırmaya qarşı həllər daxildir.
Uyğun hədəflər sırasına yüksək dəqiqliklə aşkarlanmış hədəflər, artilleriya və hava hücumundan müdafiə sistemləri, radioloksaiya stansiyalarının mövqeləri, cəmləşmə rayonları, logistika obyektləri, komanda, nəzarət və rabitə sistemləri, digər yüksək prioritetli hədəflər daxildir.
Son illərdə Türkiyənin hərbi-sənaye kompleksi “BORA 2” raketinin 500-dən 1000 km-ə qədər uçuş mənzilinə sahib yeni modifikasiyasını inkişaf etdirir. “BORA” ƏTRK hazırda yalnız Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunur.
Belarus Respublikası
polanez2
“Polonez” ƏTRK (YARS)
Postsovet ölkələri sırasında əməliyyat-taktiki raket komplekslərinin inkişafı sahəsində Belarus Respublikası müəyyən uğurlu addımlar atmış, nəticədə ölkənin hərbi-sənaye komplkesinin bir neçə müəssisəsi birlikdə V-200 “Polonez” yaylım atəşli reaktiv sistemi (YARS) yaratmışdır. Sistem ilk dəfə 2015-ci il mayın 9-da Minskdə keçirilən hərbi paradda nümayiş etdirilib.
“Polonez” YARS ümumilikdə döyüş maşınını, döyüşü idarəetmə maşınını, nəqliyyat-doldurma maşınını və nəqletmə-buraxma konteynerlərində müxtəlif təyinatlı raketləri özündə birləşdirir. Döyüş maşını 8 ədəd 301 mm-lik A200/A300 raketləri üçün buraxma qurğusu olaraq MZKT-7930-300 şassisində quraşdırılıb.
Reaktiv mərmilər 50 km-dən 200 km-ə (V-200 “Polonez”) və 120 km-dən 300 km-ə (V-300 “Polonez-M”) qədər məsafələrdə konstruktiv dəqiqliklə düşmən hədəflərini məhv etməkdən ötrü fuqas, qəlpəli-fuqas və kasset döyüş başlığını çatdırmaq üçün təyin edilib. Məhvetmə radiusu 30 metrdir. Reaktiv mərmilərin minimal atəş məsafəsi 50 km, maksimal isə 300 km-dir. Reaktiv mərmilərin idarə olunması kombinələşdirilmişdir, yəni GLONASS/GPS peyk korreksiyalı inersial idarəetmə sistemidir. Reaktiv mərminin ümumi kütləsi 725/775 kq-dır. Maksimal atəş məsafəsində dairəvi sapma ehtimalı 30-50 metr təşkil edir ki, bu da YARS-dan çox ƏTRK-yə daha yaxın göstəricidir. Səkkiz fərqli hədəfə atılan səkkiz raketdən ibarət yaylım atəşi 50 saniyəyə buraxıla bilər. Yaylım atəşinə hazırlıq müddəti isə 8 dəqiqədir. Bir yaylım atəşi ilə vurulan 8 fərqli hədəfin sahəsi 10×10 km (V-200 “Polonez”) və 20×20 km (V-300 “Polonez-M”) təşkil edir.
V-200 “Polonez” kompleksi 2016-cı ilin avqust ayında Belarus Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib və Belarusla yanaşı 2018-ci ildən Azərbaycan Ordusunda da silahlanmadadır. 2017-ci ildən 300 km-ə qədər artırılmış mənzilli yeni reaktiv mərmilərin tətbiqi ilə V-300 “Polonez-M” səviyyəsinə qədər təkmilləşdirilərək raket kompleksi kateqoriyasına keçirilib. Açıq mənbələrin məlumatına əsasən, Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə “Polonez” kompleksi erməni qəsbkarlarına qarşı tətbiq edilib.
“Polonez” tez-tez YARS adlandırılır, əslində bu kompleks ƏTRK-ə daha yaxındır. O, Belarus hərbçilərin bilavasitə iştirakı ilə “Dəqiq elektromexanika zavodu” (ZTEM) dövlət müəssisəsi tərəfindən hazırlanıb.
İran İslam Respublikası
Zilzal
“Fateh-110” ƏTRK
İranda əməliyyat-taktiki raket komplekslərinin yaradılması istiqamətində işlərə keçən əsrin 90-cı illərinin əvvəllərində başlanmışdır. Belə komplekslərin ilk nümunəsi Rusiya və Şimali Koreya ilə əməkdaşlıqda 1993-cü ildə keçmiş SSRİ istehsalı 9K52 “Luna-M” taktiki raket kompleksi əsasında yaradılmış “Zilzal” və onun modifikasiyası “Zilzal-2” raketidir. “Zilzal-2” idarə olunmayan raketdir, 200 km-ə qədər (bəzi mənbələrə görə 250 km-ə qədər) məsafədəki hədəfləri vura bilir. Döyüş başlığının çəkisi 600 kq-dır.
Növbəti “Fateh-110” raketi İranın Aerokosmik Sənaye Təşkilatı tərəfindən istehsal olunur. Bu, İranın mobil bir pilləli bərk yanacaqlı mühərrikli ən müasir qısa mənzilli raketidir. “Fateh-110” raketinin ilk nəsli 2002-ci ilin sentyabrında sınaqdan keçirilib və qısa müddət sonra kütləvi istehsalına başlanıb. Raketin uçuş məsafəsi 200 km-dir. İkinci nəsil “Fateh-110A” raketi 2004-cü ilin sentyabrında 250 km-ə qədər məsafəni nümayiş etdirib. 2010-cu ildə təqdim edilən raketin “Fateh-110B” üçüncü nəsli isə 300 km-ə qədər artırılmış uçuş məsafəsinə malidir. 2012-ci ilin “Fateh-110D” dördüncü nəslinin dəqiqliyi artırılıb və dairəvi sapma ehtimalı 3 metr təşkil edir. Buraxılışa azaldılmış hazırlıq vaxtı və müxtəlif hava şəraitində nisbi buraxılış asanlığı raketin üstünlüklərinə aiddir.
“Fateh-110” raketinin kütləsi 3450 kq, uzunluğu 8860 mm və diametri 610 mm-dir. Döyüş başlığının kütləsi 500 kq-dır. “Fateh-110D” raketi 448 kq döyüş başlığı ilə təxminən 300 km uçuş məsafəsinə malikdir. İdarəetmə sistemi giroskoplu və GPS dəstəklidir. Maksimal uçuş sürəti 3,5 Mach-a bərabərdir.
Qeyd etmək lazımdır ki, “Fateh-110” raketi mahiyyət etibarı ilə idarə olunmayan “Zilzal-2” raketinin bazasında tuşlama sistemi əlavə edilməklə hazırlanıb. Raketin sonrakı versiyaları təkmilləşdirilmiş taktiki-texniki xüsusiyyətlərə malikdir. Xüsusilə onların uçuş məsafəsi və faydalı yükü artırılıb. “Fateh-110” raketinin əsasında “Xəlic Fars” (“Khalij Fars”) adlı gəmi əleyhinə əməliyyat-taktiki kompleks də yaradılmışdır. Bu, “Fateh-110” raketinin düşmənin suüstü gəmiləri ilə daha effektiv mübarizə aparmaq üçün idarəetmə sistemi dəyişdirilmiş variantıdır. Kompleks sahildən 70 – 120 km məsafədə düşmənin nəhəng aviadaşıyıcılarını və hərbi bazalarını vurmağa qadirdir. Bundan başqa “Fateh-110” raketinin bazasında “Hormuz-1” və “Hormuz-2” raketləri yaradılıb, özlərinin təyinatına və göstəricilərinə görə “Xəlic Fars” raketləri ilə oxşardırlar. Raketlərin uçuş mənzili 300 km-dir.
“Fateh-110” ailəsinin ən son modeli “Fateh-313” qısa mənzilli bərk yanacaqlı ballistik raketidir. Yeni raket ilk dəfə 21 avqust 2015-ci il tarixində geniş ictimaiyyətə təqdim edilib. “Fateh-313” raketi əvvəlki nəsil “Fateh-110” ilə demək olar ki, eynidir, lakin yeni kompozit yanacaq və gövdədən istifadə edir. Bu dəyişikliklər “Fateh-110” raketinin uçuş məsafəsini 300 km-dən 500 km-ə qədər artırmağa imkan verib. Raket bir pilləli bərk yanacaqlı mühərrikə, inersial və elektrooptik tuşlama sisteminə sahibdir. Onun kütləsi 3220 kq-dır. Seriyalı istehsalı haqqında məlumat yoxdur.
İranın digər məhsulu isə “Raad-500” raketidir. “Raad-500” əməliyyat-taktiki raketi elan edilmiş 500 km-ə qədər uçuş mənzilinə sahibdir. Bununla da o, “Fateh-110” raketindən 200 km daha çox uçuş mənzilinə malikdir. Bundan başqa, “Raad-500” raketi həm də daha uzun mənzilli “Zülfüqar” (“Zolfaghar”) və “Dezful” raketlərinə bənzər idarə olunan ayrıla bilən döyüş başlığı ilə təchiz olunub.
İran müdafiə sənayesi müəssisələri geniş çeşiddə ballistik raket komplekslərinin yaradılmasını və istehsalını həyata keçirir. Hazırda İran Silahlı Qüvvələrinin silahlanmasında 1000-2000 km mənzilə malik “Şahab-3”, “Sacil” və “Meshkat” kimi raket kompleksləri mövcuddur.
Ukrayna
sapsan qrim
“Sapsan” ƏTRK
24 fevral 2022-ci il tarixində başlayan döyüş əməliyyatlarına qədər Ukrayna müdafiə sənayesi müəssisələri bir çox ƏTRK üzərində mühəndis-konstruktor işləri yerinə yetirmişlər. Belə komplekslərdən bir də “Sapsan” əməliyyat-taktiki raket kompleksidir. “Sapsan” (ixrac varintda “Qrim-2”) yerli “Yujnoye” Konstruktor Bürosu tərəfindən hazırlanan bərk yanacaqlı ballistik raketə əsaslanan ƏTRK-dir. Raketin xüsusiyyətləri, quraşdırılmış döyüş başlığı və istiqamətləndirmə sistemindən asılı olaraq yerüstü, dəniz və hava hədəflərini vurmağa imkan verir.
Bir çox mənbələrin məlumatlarının təhlililə əsasən söyləmək olar ki, hazırda kompleksin raketinin növbəti modifikasiyaları mövcuddur. Kompleksin hələlik seriyalı istehsala buraxılmamasını və silahlanmaya qəbul edilməməsini nəzərə aldıqda aydın olur ki, bu gün “Sapsan” ƏTRK-nin bütün xüsusiyyətlərini yalnız təxmin etmək olar. Buna baxmayaraq, demək olar ki, yeni kompleks ballistik raketlə minimal 30 km və maksimal 280-480 km məsafələrdəki yerüstü tək və qrup stasionar hədəfləri məhv etmək üçün təyin edilib. 280 km ixrac üçün, 480 km Ukrayna Ordusu üçün nəzərdə tutulmuş variantlardır. Kompleksdə tətbiq ediləcək bir pilləli ballistik raketin döyüş başlığının kütləsi təxminən 480 kq-dır. Döyüş başlığı monoblok və ya kasset variantda hazırlana bilər. Monoblok döyüş başlığı qəlpəli-fuqas təsirlidir, kasset döyüş başlığı isə qəpləli-fuqas döyüş elementləri ilə təchiz edilib. Məhvetmənin təxmin edilən sahəsi 10000 m2-dən çoxdur. Ballistik raketin ~7,0 m uzunluğundakı buraxma konteyneri ilə birlikdə kütləsi 3,3 tondur. Ballistik raket müxtəlif növ naviqasiya və tuşlama sistemləri ilə dəstləşdirilmiş inersial bort idarəetmə sisteminə malikdir. İdarəetmə sistemindən asılı olaraq ehtimal olunan dairəvi sapması 2-200 m təşkil edir.
Kompleksdə həmçinin uzun mənzilli zenit idarə olunan raketin (ZİR) və orta mənzilli gəmi əleyhinə raketin (GƏR) istifadəsi mümkündür. ZİR döyüş başlığı nüfuz edən qəlpəli-fuqas ampuladır. ZİR start kütləsi 1,1 ton, GƏR start kütləsi isə 2,1 tondur. ZİR-lə minimal/maksimal məhvetmə məsafəsi 10/150 km, GƏR-lə isə 5/90 km-dir. ZİR ilə məhvetmə ehtimalı 87% təşkil edir. Bütün növ raketlər nəqletmə-buraxma konteynerindən şaquli vəziyyətdə “minaatan üsulu ilə” start götürür. Hazırda aparılan döyüş fəaliyyətləri səbəbindən kompleksin indiki aqibəti haqqında hər hansı bir fikir söyləmək mümkün deyil.
Şimali Koreya
KN 23 e1707679765831
KN-23 ƏTRK
Koreya Xalq Demokratik Respublikası (KXDR və ya Şimali Koreya) yeni uzun mənzilli silahlar inkişaf etdirməyə və sınaqdan keçirməyə davam edir. Belə inkişaflardan biri də, KN-23 bərk yanacaqlı taktiki ballistik raketdir. KN-23 xarici görünüşcə Rusiyanın 9K720 “İsgəndər-M” ƏTRK-inə bənzəyir, lakin o, uzadılmış kabel kanalı, fərqli reaktiv qanad ötürücüləri və hamar bünövrəsi ilə seçilir. “İsgəndər-M” raketi kimi, o, təxminən 50 km yüksəklikdən aşağıya doğru düzələrək kvaziballistik trayektoriyada uçur. Raketin ümumi kütləsi 3415 kq, yanacağın kütləsi isə 2530kq-dır. Onun 500 kq döyüş başlığı ilə təxminən 450 km uçuş məsafəsinə malik olduğu güman edilir, lakin azaldılmış faydalı yüklə uçuş məsafəsini 690 km-ə qədər genişləndirmək mümkündür. Döyüş başlığı adi, ehtimal ki, unitar və ya subelementli (altsursatlı), yaxud nüvə ola bilər.
KN-23 raketinin aktiv sükan idarəetməsi onu GPS idarəetmə ilə 100 metrə və ya yalnız INS istifadə edərək 200 metrə qədər dairəvi sapma ehtimalı ilə zərbə endirməyə imkan verir. Raket təkərli nəqletmə-buraxma qurğusundan buraxılır.
Şimali Koreyada əməliyyat-taktiki raket kompleksləri ilə yanaşı ballistik və qitələrarası raket komplekslərinin inkişafı və istehsalı istiqamətində də işlər yerinə yetirilir.
Cənubi Koreya
NHK 2A Truck
“Hyunmoo-2A” ƏTRK
Cənubi Koreyanın ballistik raketlərinin inkişafı MTCR beynəlxalq raket texnologiyalarına nəzarət rejiminin tələbləri və ABŞ-la müttəfiqlik münasibətləri ilə məhdudlaşır. Ölkənin hərbi-texniki siyasətinə əsas təsir KXDR-dən hərbi təhdidlər, xüsusən də müxtəlif mənzilli ballistik raketlərin hazırlanması və nüvə proqramının həyata keçirilməsidir. Hazırda Cənubi Koreya ordusu ABŞ istehsalı ƏTRK ilə yanaşı yerli istehsal olan “Hyunmoo-1” və Hyunmoo-2″ əməliyyat-taktiki raket kompleksləri ilə silahlanıb. “Hyunmoo-3” kompleksinin inkişafı həyata keçirilir. Raket kompleksləri yerli Agency for Defense Development (Müdafiə inkişafları Agentliyi) tərəfindən layihələndirilib və LIG Nex1 şirkəti tərəfindən istehsal edilib.
“Hyunmoo” tipli əməliyyat-taktiki raketlər (ƏTR) zahirən ABŞ-ın MIM-14 “Nike-Hercules” zenit idarə olunan raketinə (ZİR) bənzəyir. Öz növbəsində, “Nike-Hercules” ZİR Cənubi Koreyanın “Hyunmoo” ballistik raketlərinin sələfi – atış məsafəsi 180 km və döyüş başlığının kütləsi 500 kq olan “Nike KM” ƏTRK-nin prototipidir. “Nike KM” bazasında “Hyunmoo-1” adlandırılan, atış məsafəsi 180 kq və döyüş başlığının kütləsi 450 kq olan daha təkmil raket hazırlanmışdır. Baza variantı ilə müqayisədə bu ƏTR təkmilləşdirilmiş bort elektronikasından və daha təkmil döyüş başlığından istifadə edir.
“Hyunmoo-2” ƏTR isə “Hyunmoo-1” ƏTR texnologiyaları əsasında yaradılıb. Yeni raket baza versiyasından eyni döyüş başlığı kütləsində maksimal atəş məsafəsinin 250 km-ə qədər artırılması ilə fərqlənir ki, bu da start sürətləndiricisinin növbəti təkmilləşdirilməsi sayəsində əldə edilmişdir. Raketin start kütləsi 4850 kq-dır. 450 kq-lıq monoblok və ya kasset tipli döyüş başlığı ayrılmayandır. Dairəvi sapma ehtimalı 100 metrə bərabərdir. İdarəetmə sistemi inersialdır. Raket dördoxlu nəqletmə-quraşdırma buraxma qurğusunda daşınır və buraxılır. Maksimal uçuş sürəti 3,65 Mach, maksimal uçuş yüksəkliyi 46 km-dir. Ordunun silahlanmasında 2011-ci ildə qəbul edilib. “Hyunmoo-2” ƏTR iki modifikasiyası – 300 km uçuş məsafəli “Hyunmoo-2A” və 500 km uçuş məsafəli “Hyunmoo-2B” modifikasiyaları mövcuddur.
Hazırda 500 kq-lıq döyüş başlıqlı yeni qanadlı raketin (bəzi mənbələrdə “Hyunmoo-3” kimi qeyd olunur) 500 km-lik maksimal atış məsafəsinə uçuş sınaqları yerinə yetirilir. “Hyunmoo-2” ƏTR ilə müqayisədə mühərrik qurğusunun energetik xassələri artırılmış və atəşin dəqiqliyi yaxşılaşdırılmış, həmçinin raketin ölçüləri kiçildilmişdir. Yeni qanadlı raket üç modifikasiyada inkişaf etdirilir: “Hyunmoo-3A” (500 km), “Hyunmoo-3B” (1000 km) və “Hyunmoo-3C” (1500 km). Raketi saxlamaq və buraxmaq üçün raket buraxılışından əvvəl şaquli vəziyyətə keçirilən nəqletmə-buraxma konteynerindən istifadə olunur. “Hyunmoo-3A” raketinin start kütləsi 3200 kq-dır. İdarəetmə sistemi kosmik radionaviqasiya sisteminin məlumatlarına uyğun olaraq düzəlişli inersialdır. “Hyunmoo-3A” və “Hyunmoo-3B” raketlərinin dairəvi sapma ehtimalı modifikasiyadan asılı olaraq 30-50 metr arasında dəyişir. “Hyunmoo-3C” raketinin dairəvi sapma ehtimalı isə 1-3 metr təşkil edir.
Beləliklə, əməliyyat-taktiki raket kompleksləri düşməni birbaşa döyüş əməliyyatları meydanında məhv etmək üçün təyin edilib. Baxmayaraq ki, nəzəri və texniki cəhətdən mümkündür, müasir dövrdə belə raketlərə nüvə başlıqlarının, eləcə də kimyəvi və bakterioloji döyüş başlıqlarının quraşdırılması qadağandır. Bununla belə, əməliyyat-taktiki raketlərə quraşdırıla bilən fuqas, yandırıcı, tank əleyhinə atımlı və həcmli partlayış sursatları kimi kifayət qədər adi döyüş başlıqları var.
Nəticə etibarı ilə, əməliyyat-taktiki raket kompleksləri lokal münaqişələrdə ərazisi kiçik olan ölkələr üçün istənilən nöqtədə hədəfləri vura bilən tam hüquqlu strateji silah hesab edilə bilər. Bundan irəli gələrək, müasir dövrdə bir çox ölkələr öz ordularının silahlanmasında əməliyyat-taktiki raket komplekslərinə geniş yer ayırır. Bu isə çəkindirici güc olaraq həmin ölkələrə ehtimal olunan düşmən üzərində böyük üstünlük əldə etməyə imkan verir.

Əhəd Əzizov
POLİQON JURNALIскачать dle 12.1