Bia.Az

Azərbaycanla Ermənistana sərt mesaj: İran delimitasiyaya qarşı çıxır

Cəmiyyət
 11-06-2024, 00:56     253

“İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir”.

“Cebhe.info” xəbər verir ki, İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani “CNN Türk” müsahibəsində belə deyib.

O, Ermənistan-Azərbaycan münasibətləri kontekstində Zəngəzur dəhlizi ilə bağlı suala belə cavab verib.

“İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək verir. Lakin Tehran regionun demoqrafiyasını və bölgənin sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüslərin əleyhinədir”, - deyə Əli Bağeri vurğulayıb.

Əli Bağerinin açıqlaması Zəngəzur dəhlizinin açılması məsələsinə münasibətdə İran hakimiyyətinin mövqeyinin dəyişmədiyini göstərir.

Son zamanlar rəsmi Tehran Azərbaycanla münasibətlərin normallaşmasından danışsa da, yaranmış ziddiyyətlərin əsas səbəblərindən birini təşkil edən Zəngəzur dəhlizi məsələsində konsensusa gəlmək istəmir.

Mayın 19-da İranın mərhum prezidenti İbrahim Rəisinin qəzaya uğramazdan bir neçə saat əvvəl Araz çayı üzərində Azərbaycanla birgə tikilmiş su anbarının açılışında iştirak etməsi iki ölkə arasındakı gərginliyin aradan qalxması kimi şərh olundu.

Hətta siyasi ekspertlər bu əməkdaşlıq çərçivəsində aparılan müzakirələri Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikir ayrılığının aradan qalxması istiqamətində müsbət addım kimi dəyərləndirdilər. Ancaq İranın müvəqqəti xarici işlər nazirinin açıqlaması Zəngəzur dəhlizinin rəsmi Tehran üçün hələ də keçilməz “qırmızı xətt” olduğunu göstərir. İranın ali dini rəhbəri Ayətulla Seyid Əli Xameneyinin qohumu Əli Bağeri Kani məhz bu məsələdə çox güman ki, ölkənin birinci şəxsini mövqeyini üstün tutub.

Görünür, İran rejimi işğal dövründə “boz zona” kimi istifadə etdiyi Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının həmsərhəd ərazilərində Azərbaycanın suverenliyini tanımalı olub. Bu, İranın bölgədə qəbul etmək istəmədiyi və 2021-ci ildə sərhəddə güc nümayişi ilə qarşıladığı yeni geosiyasi reallıqla barışması deməkdir. Yəni Azərbaycan-İran sərhədinin qeyd edilən hissəsinə aiddir.

Amma Ermənistan-İran sərhədində nəqliyyat-kommunikasiya dəhlizinin, hətta yollarının açılmasını belə, rəsmi Tehran özü üçün geosiyasi və geoiqtisdi təhdid hesab edir. İlk növbədə, İran Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələndirən “Orta dəhliz”dən kənarda qalacağından narahatdır.

İkincisi, İran Zəngəzur dəhlizinin açılacağı təqdirdə, Azərbaycanla birbaşa quru əlaqəsinin yaranacaq Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi güc mərkəzinə çevrilməsini istəmir. Bu səbəbdən, son günlər Azərbaycan-Ermənistan sərhədində aparılmış delimitasiya prosesinin növbəti mərhələsi kimi Zəngəzur dəhlizinin açılacağına dair siyasi çağırışların gündəmə gəlməsi çox güman ki, İranda müsbət qarşılanmayıb.

Əli Bağeri Kaninin fikirlərindən rəsmi Tehranın Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının əleyhinə olduğunu göstərir. Çünki sərhədlərin müəyyənləşməsi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin, o cümlədən Zəngəzur dəhlizinin reallaşması üçün əlverişli konyukturun yaranması deməkdir.

İran isə yalnız Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən “Araz dəhlizi”nin öz ərazisindən keçməsində maraqlıdır.

Bununla da İran regional nəqliyyat-tranzit marşrutlarına nəzarəti əldə saxlamaq niyyətindədir.

Müşfiq Abdulla
“Cebhe.info”
скачать dle 12.1